Azərbaycanın "Caspiana" yaxt komandası Marmaris reqatasında debüt edəcək
Yeni yaradılan “Caspiana” yaxt komandası ilk dəfə ölkəmizi beynəlxalq arenada təmsil edəcək. Komanda oktyabrın 22-28-də Türkiyədə təşkil olunacaq 33-cü Marmaris reqatasında debüt edəcək. Yarışda “Caspiana” klubu iki heyətlə mübarizə aparacaq.

əsas heyətdə İlkin Əliyev (şkiper), Sərxan Həşimov, Rüfət Həmzəyev, Ruslan Muradov, Rüfət Əbilov, Farxod Kamilov, Viktor Vasilyev, Oytun Çalışlar və Dilarə Cəfərova yer alıblar. Heyətə 2 idmançı Özbəkistan (F.Kamilov, V.Vasilyev), 1-i isə Türkiyədən (O.Çalışlar) cəlb olunub. Böyük təcrübəyə malik əsas heyətlə yanaşı, Azərbaycan Yelken Federasiyasının İdarə Heyətinin üzvü, şkiper Tatyana Srebnayanın rəhbərliyi altında idmanın bu növü ilə məşğul olmağa yeni başlayan idmançılar ikinci komandada güclərini sınayacaqlar.

Marmaris reqatasında 15 ölkədən min idmançı 120 yaxtada mübarizə aparacaq.

Reqatanın mükafatlandırma mərasimi “Netsel Marina”da xüsusi hazırlanacaq və sahəsi 1500 kvadratmetr olan nəhəng məkanda keçiriləcək.

Komandanın beynəlxalq reqataya hazırlığı Bakı buxtasında olub. “Caspiana” komandasının ekipajı təlim-məşq toplanışında yaxtinq texnikası, yelkənlərlə iş və idarə etmə və digər mühüm məsələlər üzrə hazırlıq keçib.

“Caspiana” komandası Azərbaycan Yelken Federasiyası ilə sıx əməkdaşlıq edir. Tərəflər ölkəmizdə yaxtinqin populyarlaşdırılması və kütləviləşməsi istiqamətində birgə fəaliyyət göstərirlər.

Hazırda “Caspiana” Azərbaycanı beynəlxalq arenada təmsil edən və Yelkən Federasiyanın üzvü olan yeganə rəsmi yaxt komandasıdır.

Xəbər 196 dəfə oxundu.