Masallıda Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş respublika güləş turniri keçirilib
Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş XXVI ənənəvi açıq Respublika turniri keçirilib.

Yeniyetmələr arasında keçirilən turnirin açılış mərasimində ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən danışıb, bu gün mötəbər yarışlarda əldə edilən nailiyyətləri Prezident İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürü kimi səciyyələndirib, turnir iştirakçılarına uğurlar arzulayıb.

Ölkədə idmanın inkişafından söz açan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev, Azərbaycan Güləş Federasiyasının əməkdaşı Elçin Cəfərov irimiqyaslı yarışlara sınaq xarakteri daşıyan bu turnirin yığma komandamıza yeni namizədlərin cəlb edilməsində əhəmiyyətindən danışıblar.

Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov unudulmaz məşqçi ilə bağlı xatirələrini bölüşüb.

Çıxışlarda Azərbaycan güləş məktəbinin inkişafında Nadir Ağayevin xidmətləri vurğulanıb, tədbirin təşkilatçılarına minnətdarlıq ifadə olunub. Turnirin fəxri qonaqlarına – dünya və Avropa çempionatlarının mükafatçıları Əli Əliyev, Eldəniz Əzizli, Taleh Məmmədov, Rafiq Hüseynov, Elvin Mürsəliyev, Taleh İsrafilov, Arif Niftullayev, Zəfər Əliyev, Xəyal Mehdiyev, Qarabağ müharibəsinin iştirakçısı Camaləddin Məmmədov və başqalarına Masallı Rayon Gənclər və İdman İdarəsinin xatirə nişanları təqdim edilib.

Sonra Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayevin ssenarisi əsasında ekranlaşdırılmış “Pəhləvanın salnaməsi” sənədli filmi nümayiş olunub.

Daha sonra meydan yeniyetmə güləşçilərin ixtiyarına verilib. İki gün davam edən turnirdə 2006-2007-ci il təvəllüdlü yunan-Roma güləşçiləri 11 çəki dərəcəsində mübarizə aparıblar.

Yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, idmançıların dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışlarda respublikanın rayon və şəhərlərindən 29 komandanın tərkibində 182 yeniyetmə güləşçi qüvvəsini sınayıb. Turnirin yekun nəticəsinə əsasən komanda hesabında Sumqayıt, Masallı, Göyçay idmançıları fərqləniblər.

İlk üç yeri tutmuş idmançılara təşkilat komitəsi və sponsor tərəfindən müvafiq diplom, medal və pul mükafatı verilib.

Xəbər 255 dəfə oxundu.