“Qarabağ” – “Sumqayıt” qarşılaşması iki futbolçu üçün yubileylə yadda qalıb
Azərbaycan Premyer Liqasının X turunun “Qarabağ” – “Sumqayıt” qarşılaşması iki futbolçu üçün yubileylə yadda qalıb.

Abdullah Zubir və Elvin Bədəlov Azərbaycan çempionatında 100-cü matçını keçirib.

2018-ci ilin yayında “Qarabağ”a keçən A.Zubir bu oyunda sonradan meydana çıxıb. Premyer Liqada 5-ci mövsümünü keçirən futbolçu yalnız Ağdam klubunun formasını geyinib. O, 2018/2019-cu il mövsümündə 23, 2019/2020-ci il mövsümündə 19, 2020/2021-ci mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.

E.Bədəlovun Premyer Liqadakı debütü daha əvvələ təsadüf edib. 2013/2014-cü il mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.

Qeyd edək ki, “Azərsun Arena”dakı matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.

Xəbər 260 dəfə oxundu.