Acı xatirələr “Neftçi”ni Demyanenkoya unutdurdu
Ukrayna futbolunun tanınmış siması Anatoli Demyanenko vətənində müsahibə verib. İdman.com.az saytının məlumatına görə, tanınmış futbolçu və məşqçi bu dəfə həyat yoldaşı İrina ilə birlikdə eyni sualları cavablandırıb.

2008-ci ilin yanvarından sentyabrına kimi Azərbaycanın ən titullu klubunda - “Neftçi”də çalışan Demyanenko ilə xanımının fikirləri ölkəmiz haqda sualda haçalanıb. Belə ki, Azərbaycanda və Özbəkistanın “Nəsəf” klubunda çalışdığı dövrlərin müqayisəsi Demyanenkolar fərqli danışıb.

Vaxtilə futbolumuzda tarix yazan, avrokuboklarda 2 mərhələ keçən ilk komandamızın uğurunun memarı olan Anatoli Demyanenko bu nəticəsinin ardından istefaya göndərilməsindən küskün təsiri bağışlayır: “Azərbaycan və Özbəkistanda özümə dost tapmağa vaxtım az idi. Həm də nəzər alın ki, başqa ölkə, başqa mentalitet. Amma “Nəsəf”də daha çox tanışım qalıb. Aradabir zəngləşirik. Amma yenə Kiyev daha doğmadır. Bura qayıdanda nə qədər sevindiyimi təsəvvür edirsinizmi?”

Əvəzində xanım Demyanenko fərqli fikirdədir: “Belədir. Amma Bakı çox gözəl şəhərdir. Son illər lap çox gözəlləşib. Buna baxmayaraq, ordan sonra Lutskda yaşamaq çətin olmadı. Çünki mən futbol məşqçisinin həyat yoldaşıyam, vəssalam”.

Xəbər 991 dəfə oxundu.