5 ildə 105 medal – 33 qızıl, 26 gümüş və 46 bürünc
21-23 sentyabr tarixlərində Bakıda daha bir beynəlxalq idman yarışı keçirildi. İdman.com.az saytının məlumatına görə, paytaxtımızda ən böyük İdman Konsert Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutdu. Sayca 5-ci olan bu yarış həm də yubiley xarakteri daşıyırdı.

Güləş azarkeşləri ilk olaraq sərbəst güləşçilərin mübarizəsini izlədilər. Güləşçilərimiz ümumilikdə 9 medal qazandı, onlarda yalnız birinin əyarı qızıl idi. Qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində Hacı Əliyev finalda komanda yoldaşı Ağahüseyn Mustafayevi məğlub edərək qazandırdı. Ağahüseyn muvafiq olaraq gümüş medala sahib oldu. Digər gümüş medalları 55 kq çəki dərəcəsində Namiq Sevdimzadə və 66 kq çəkidə Emin Əzizov əldə edərkən Azər Paşayev (55 kq), Coşqun Əzimov (60 kq), Hacımurad Ömərov (66 kq), Aleksandr Qostiyev (74 kq) və Əli İsayev (120 kq) müvafiq olaraq bürünc medallara yiyələndilər. Beləliklə, Azərbaycan sərbəst güləşçiləri yarışları 1 qızıl, 3 gümüş və 5 bürünc medal olmaqla, ümumilikdə 9 medalla başa vurdular. Ötən illərdə isə, “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində sərbəst güləşçilərimiz ümumilikdə 35 medal qazanmışdı. Bunlardan 13-ü qızıl, 8-i gümüş, 14-ü isə bürünc olmuşdu.

Turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşuldu. Güləşçilərimiz günü ümumilikdə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurdular. Qızıl medalı yığmamıza Nadya Sementsova (67 kq) qazandırsa da Anjela Doroqan (51 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. 48 kq çəkidə Şəfəq Muradzadə və 59 kq çəkidə mübarizə aparan İrina Netreba isə bürünc medal əldə etdi. Beləliklə, qadın güləşçilərimiz yubiley xarakterli bu turniri 4 medalla tamamladılar. Buna qədər isə, qadın güləşçilər analoji turnirdə ümumilikdə 5 qızıl, 4 gümüş və 9 bürünc olmaqla 18 medal əldə etmişdilər. Qadın güləşçilərimiz yalnız 2010-cu il keçirilən turnirdə uğursuz çıxış edərək, turniri 1 bürünc medalla başa vurmuşdular.

Turnirin son günündə yunan-Roma güləşçilərinin çıxışı oldu. Güləşçilərimiz ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazandı. Günün maraq doğuran qarşılaşmaları isə 55 və 60 kq çəkidə final görüşləri oldu. Hər iki görüşdə Azərbaycan güləşçiləri ən güclünü müəyyən etməli oldu. Qızıl medalları komandamıza Orxan Əhmədov (55 kq), Kamran Məmmədov (60 kq) və Şalva Qadabadze (96 kq) qazandırdı. Onlar müvafiq olaraq final görüşündə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq) və Dayqoro Timonçini (96 kq) üzərində qələbəni təmin etdilər. Bürünc medalları isə 55 kq çəkidə Xurşud Babaşov, 66 kq çəkidə Rəsul Çunayev, 74 kq çəkidə Elvin Mürsəliyev və 84 kq çəki dərəcəsində Rafiq Hüseynov qazandı. Yunan-Roma güləşçilərimiz bu günə qədər keçirilən “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi yarışlarında ən uğurlu nəticə göstərdilər. Ötən illərdə isə yunan-Roma komandası 10 qızıl, 8 gümüş və 12 bürünc medal olmaqla 40 medal qazanmışdı.

Beləliklə, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirini final mərhələsinin sayca 5-ci olan yubiley xarakterli bu yarışı zamanı güləş yığmalarımız ümumilikdə 22 medal – 5 qızıl, 6 gümüş və 11 bürünc qazandı. Xatırladaq ki, güləşçilərimiz 2008-ci ildə də 22 medal qazanmışdı. 2009-cu ildə 20, 2010-cu ildə 15, 2011-ci ildə isə 26 medal qazanılmışdı. Bütün qazanılan medalların sayı 105-ə çatdı ki, bunlardan 33-ü qızıl, 26-sı gümüş, 46-sı isə bürüncdür.

Xəbər 1162 dəfə oxundu.