Fərid Abbasov: Olimpiadada Azərbaycanın iki dəfə ardıcıl medal qazanması böyük uğurdur
Ümumdünya Şahmat Olimpiadasında 23 ölkədən ən güclü yeniyetmələr mübarizə apardı. Bu yarışda İran, Özbəkistan, Hindistan kimi güclü komandalar çıxış edirdi. O cümlədən ölkəmizin əsas komandası və Türkiyə də olimpiadada iddialılar sırasında idi. Əsas komandamız olimpiadaya uğurla start verdi və uzun müddət turnir cədvəlinin yuxarı pillələrində qərarlaşdı. Bürünc medalı yaxşı nəticə hesab edirəm. Olimpiadada Azərbaycanın iki dəfə ardıcıl medal qazanması böyük uğurdur.

Bu sözləri Naxçıvanda keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında bürünc medal qazanan “Azərbaycan-1” komandasının kapitanı, yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov yarışın nəticəsi barədə fikirlərini bölüşərkən bildirib. O qeyd edib ki, 2019-cu ildə Türkiyədə keçirilən yarışda tarixdə ilk dəfə Azərbaycan komandası çempionluq sevinci yaşadı. Amma heyət Naxçıvandakı yarışda bütövlüklə dəyişdi. Şahmatçılarımız 16 yaşı adladıqlarına görə heyətə düşə bilməyiblər. Ona görə yeniyetmələrdən ibarət komanda yenidən formalaşdırılıb.

“2019-cu ildə komandamız qızıl medal qazandı. Bu dəfə bürünc medala layiq görüldü. Yeni heyətlə medal qazanacağımıza çoxları inanmırdı. Naxçıvanda əldə olunan nəticə yeniyetmələrdə kifayət qədər yaxşı şahmatçıların olduğunu növbəti dəfə sübut etdi. Komandamız yumruq kimi birləşdi. Hətta ehtiyatda olan şahmatçı da komanda yoldaşlarına kömək etməklə uğurda pay sahibi oldu. Naxçıvanda medal qazanmağımız komanda mübarizəsinin nəticəsidir.

Olimpiadadan əvvəl şahmatçılarımız Moskvada “Botvinnik memorialı”nda iştirak edərək ikinci yeri tutublar. Heyətdə Fərid Orucov, Nərmin Abdinova kimi perspektivli uşaqlar var idi. Nərmin Abdinova Rumıniyada 14 yaşlıların dünya çempionatında beşinci olub. Naxçıvanda isə 8 oyundan 7 xal toplamaqla öz lövhəsində ən yüksək nəticə ilə qızıl medal əldə edib”, - deyə komandanın kapitanı əlavə edib.

F.Abbasov qeyd edib ki, Azərbaycan Şahmat Federasiyasının gənclər və yeniyetmələr üzrə komissiyası yarışa hazırlıqla bağlı təsdiqlənən proqramın reallaşması üçün lazımi köməyi göstərib. Belə ki, hazırlıq prosesinə Rauf Məmmədov və Nicat Məmmədov kimi güclü şahmatçılar da cəlb olunmuşdular.

Xəbər 200 dəfə oxundu.