Şahmat üzrə Avropa kuboku yarışı başa çatıb
Azərbaycanın şahmat üzrə kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət "Odlar Yurdu" komandaları Avstriyanın Mayrhofen şəhərində təşkil olunan Avropa kuboku yarışında sonuncu oyunlarını keçiriblər.

Yeddinci turda "Vüqar Həşimov" Almaniyanın "Şahlub" kollektivi ilə üz-üzə gəlib və rəqibinə 2:4 hesabı ilə uduzub. "Odlar Yurdu" isə Serbiyanın "Sirmium" komandasını məğlub edib - 3:1.

Yekun nəticədə 10 xal toplayan "Vüqar Həşimov" 70 kollektiv arasında 10-cu, aktivində 8 xalı olan "Odlar Yurdu" 17 komanda arasında 6-cı yeri tutub.

Kişilər arasında qalib Çexiyanın "Novi Bor", qadınların yarışında isə birinci yerin sahibi Avstriyanın "Pamhagen" klubları olub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu Almaniyanın "Varinheym" kollektivi isə yarışı üçüncü pillədə başa vurub.

Xəbər 302 dəfə oxundu.