Azərbaycan kikboksinqçiləri dünya çempionatında uğurla çıxış ediblər
Azərbaycanın kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millisi tarixi uğura imza atıb.

İtaliyanın Yezolo şəhərində keçirilən WAKO uşaq, yeniyetmə və gənclərin dünya çempionatının son günündə milli komanda daha 1 qızıl medal qazanıb.

Bu, "Ağ canavar" ləqəbli Amin Quliyevdir. O, kikboksinqin low kick versiyasının 60 kiloqram çəki dərəcəsində türkiyəli Mustafa Soner Kılınça qalib gələrək ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu olub. Vüqar Məmmədov (60 kq) low kick, Akif Quluzadə (57 kq) K1 versiyalarının finalında uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, 38 idmançı ilə dünya çempionatına yollanmış Azərbaycanın yeniyetmə və gənclərdən ibarət millisinin 20 idmançısı Bakıya medalla dönəcək. Həmin medallardan 7-si qızıl, 6-sı gümüş və 7-si bürünc medaldır. İndiyədək AKF idmançıları həm medal sayına, həm də əyar baxımından belə nəticə göstərməyib.

Qeyd edək ki, ötən il Monteneqronun Budva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.

Xəbər 315 dəfə oxundu.