Qurban Qurbanov: Çox vacib 3 xal əldə etdik
Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq.

Bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyunları çərçivəsində səfərdə Yunanıstanın “Olimpiakos” komandasını məğlub edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Olimpiakos" haqqında mənfi düşüncəm yoxdur. Matçdan əvvəl 5-li müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm. Meydana çıxanda isə 5-li müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər.

“Çox vacib 3 xal əldə etdik. Dünən də fikirlərimdə qeyd etmişdim ki, çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri olan komandaya qarşı oynayacağıq. Belə atmosferdə oynamaq bizim üçün xoşdur. “Olimpiakos”a uğurlar arzulayıram. Rəqib komandanın futbolçuları çox bacarıqlıdır, səhvlərdən maksimum istifadə edə bilərlər”, - deyə Q.Qurbanov əlavə edib.

Q.Qurbanov üçüncü qoldan sonra futbolçuların “Olimpiakos”un tribunalarına tərəf yaxınlaşmasına və əl hərəkətləri etməsinə də toxunub: "Biz elə ölkədə yaşayırıq ki, iğtişaş haqqında, ümumiyyətlə, düşüncəmiz yoxdur. Bəzən futbolçu necə sevindiyini hiss etmir. Çempionat oyununda da belə qol sevinci olur. “Qarabağ” klubu olaraq, xüsusən də, xaricdə özümüzü düzgün idarə etməyə çalışırıq. Bura idman prinsiplərinə əməl etməyə gəlmişik. Həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən bu azarkeşlər haqqında xoş sözlər deyirəm. Bu fikirlərimi futbolçular da eşidirlər. Həmişə öz aramızda danışanda deyirik ki, həmişə rəqibə, onun azarkeşlərinə hörmətlə yanaşmaq vacibdir”.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 9 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 6 xalla ikinci, “Nant” isə 3 xalla üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur. Azərbaycan çempionu ilk oyununu səfərdə “Frayburq”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. İkinci turda “Qarabağ” klubu “Nant”ı qəbul edib və 3:0 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 13-də doğma meydanda “Olimpiakos”a qarşı keçirəcək.

Xəbər 198 dəfə oxundu.