UEFA Avropa Liqası: Bu gün “Qarabağ” klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq | |
Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq. Ağdam təmsilçisi G qrupunun üçüncü turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Georgios Karaiskakis stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək. Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar. Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edəcək. Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur. |
|
Xəbər 205 dəfə oxundu. |
|
|