“Qəbələ” klubu UEFA Gənclər Liqasında mübarizəni dayandırıb
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Təmsilçimiz Çempionlar yolunun birinci mərhələsinin cavab görüşündə Xorvatiyanın “Hayduk” komandasını qəbul edib.

Azərbaycan və Xorvatiya çempionlarının duelində ilk 45 dəqiqədə hesab açılmayıb. Matçdakı qollar ikinci hissədə vurulub. Əvvəlcə Şahin Şahniyarov Samir Ağayevin ötürməsindən sonra qonaqların qapısına yol tapıb. Lakin baş məşqçi Zaur Hacıyevin yetirmələri üstünlüyü qoruya bilməyib. Oyunun sonunadək iki qol vuran Split təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Səfərdə keçirilən ilk görüşdə də qalib gələn Xorvatiya klubu (3:0) ikinci mərhələyə yüksəlib. “Qəbələ” isə turnirdə mübarizəni dayandırıb.

Xəbər 195 dəfə oxundu.