Azərbaycan millisinin baş məşqçisi: Polşa yığması fiziki və taktiki baxımdan güclü komandadır
Dünəndən məşqlərə başlamışıq. Bu gün iki məşq keçirməli idik, amma birini təxirə saldıq. Çünki heyətimiz tam toplaşmayıb. Bir neçə oyunçumuz sabah komandaya qoşulacaq. Qarşıda 2 gün var və bundan maksimum istifadə edəcəyik ki, oyuna maksimum hazır olaq.

Bu sözləri dünya çempionatının əsas mərhələsi çərçivəsində Bakıda Polşa yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva oktyabrın 4-də təşkil olunan brifinqdə deyib.

Heyətdə bəzi itkilərin olduğunu bildirən braziliyalı mütəxəssis qeyd edib ki, Eduardo Borges və Ramiz Çovdarov zədə səbəbindən Polşa və Yunanıstanla oyunları buraxacaq. Xətai Bağırov və İsa Atayev isə sənədlə bağlı problemlərini həll ediblər və sabah bizə qoşulacaqlar. Əsas narahat edən məqam ilk gündən tam heyətlə məşq etməməyimizdir.

“İki oyundan maksimum xal toplamaq istəyirik. Hər iki rəqibimizə hörmətlə yanaşırıq. Polşa millisi fiziki və taktiki baxımdan güclü komandadır. 6-7 ildir ki bir yerdə məşq edirlər. Portuqaliya və Braziliyaya qarşı oyunlarını izləmişəm. Qrup oyunlarına isə Yunanıstan üzərində qələbə ilə başlayıblar. Çətin oyun olacaq. Yunanıstan millisi də asan yeniləcək komanda deyil. Ümumiyyətlə, indi zəif komanda yoxdur. Əlbəttə, rəqiblərimiz də bizə hörmətlə yanaşır”.

Azərbaycan – Polşa matçı oktyabrın 7-də Bakı İdman Sarayında saat 20:00-da start götürəcək.

Xəbər 194 dəfə oxundu.