Zahid Niyazəliyev: Məqsədimiz növbəti mövsümdə Birinci Divizionda layiqincə çıxış etməkdir
“İrəvan” futbol klubunun yaradılması ideyası Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərliyə məxsus olub. Yerli və beynəlxalq arenada uğurla çıxış edən “Qarabağ” komandamız var və istədik ki, “İrəvan” adlı klub yaradaq. Böyüdüyümüz torpağın adını daşıyan bu ad altında fəaliyyət göstərmək fikrinə düşdük. Bu istəklə də “İrəvan” futbol klubu kimi dövlət qeydiyyatından keçdik.

Bu sözləri məxsusi müsahibəsində “İrəvan” futbol klubunun prezidenti Zahid Niyazəliyev deyib.

Klubun Region Liqasında mübarizə apardığını deyən Z.Niyazəliyev bildirib ki, heyət 17-23 yaşı olan futbolçulardan təşkil olunub. Məşqçilər korpusa həmişə gənclərə üstünlük verir. Builki hədəfimiz qrupda birinci yer tutub final mərhələsinə çıxmaqdır. Ümumiyyətlə, yarışın qrup mərhələsində ilk iki yeri tutan komandalar mərhələ adlayır və səkkiz kollektiv arasında qalib müəyyənləşir. Region Liqasının qalibi UEFA Region kuboku yarışında iştirak etmək hüququ əldə edir. Növbəti mövsüm üçün isə məqsədimiz Birinci Divizionda “İrəvan” futbol klubunu layiqincə təmsil edib, baxımlı oyun nümayiş etdirməkdir.

“Komanda Şağan Olimpiya İdman Kompleksində toplaşıb. Futbolçularımız həftədə 4 dəfə məşq keçirlər. Ev oyunlarımızı da bu kompleksdə keçiririk. Komandanın geyimləri, topları, futbol ləvazimatları, bütövlükdə maddi-texniki təchizatı Qərbi Azərbaycan İcması tərəfindən təmin edilir”, - deyə Z.Niyazəliyev deyib.

Futbolçuların komandaya seçilərkən fiziki imkanları, topla texniki-taktiki davranışları, təlim-tərbiyəsi və psixoloji hazırlığı kimi faktorların əsas götürüldüyünü bildirən klub rəsmisi ən əsas da istedada üstün verdiklərini deyib: “İstər böyük yaş qruplarında olan futbolçularımız, istərsə də kiçik liqalarda çıxış edən oyunçularımıza mütəmadi olaraq maarifləndirici iş görülür. Təbii ki, onlar bizim tariximizi bilməli və məlumatlı olmalıdırlar. Hər hansı yarış zamanı xarici ölkədən olanların suallarını dolğun və dəqiq cavablandıra bilsinlər”.

“Hələ Region Liqasında yeni mövsümə start verilməyib. Yarışa hazırlıq məqsədilə keçirilən fiziki məşqləri bitirdikdən sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan biri ilə yoldaşlıq oyunu keçirmək istəyirik. Region Liqasına təxminən oktyabrın ortalarında start veriləcək. Liqaya çox həvəslə və ciddi şəkildə hazırlaşırıq. Hər gün məşqlərimiz olur, taktiki və psixoloji hazırlıqlar gedir. Dinamik bir komandamız var. Klubda Azərbaycanın bütün bölgələrindən olan futbolçular iştirak edirlər. Gəncə, Mingəçevir, Tovuz və digər şəhərlərdə klubun məktəblərini, həmçinin də akademiya açmağı planlaşdırırıq.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən klub rəsmisi qeyd edib ki, respublikamızda beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Ölkəmiz irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız isə beynəlxalq arenada üçrəngli bayrağımızı dalğalandırırlar. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizin yüksək təşkilatçılıq bacarığı digər dövlətlərə nümunə kimi göstərilir.

Mənə etimad göstərib kluba prezident təyin etdiyi üçün Ə.Ələkbərliyə minnətdarlığını bildirən klubun prezidenti deyib ki, klub ona uşaqlıq illərini xatırladır: “Doğma torpaqlarımıza gedə bilməsək də, hər gün o torpaqları xatırlayır, yada salıram. Bu da mənə böyük ruh yüksəkliyi yaşadır”.

O, klubun gələcəkdə böyük uğurlara imza atacağını və qazandığı nailiyyətlərlə xalqımızı sevindirəcəyinə inandığını söyləyib.

Xəbər 207 dəfə oxundu.