Kiber idman üzrə “Zəfər yolu” turniri çərçivəsində silsilə yarışlar təşkil olunacaq
Azərbaycanda kiber idman üzrə yarışlar təşkil edən Gaming League Azerbaijan (GLA), Azərbaycan Kiber İdman Federasiyası və “TOPaz”ın dəstəyi ilə yeni turnirə start verib. GLA “Zəfər yolu” adlı turnirdə silsilə yarışlara təşkilatçılıq edir.

“Zəfər yolu” çərçivəsində ilk yarış “Counter Strike - Global Offensive” üzrə turnir olacaq. Yarışda 20 komanda mübarizə aparacaq. Reqlamentə əsasən, iştirakçılar ilk mərhələdə hər birində 8 komandanın yer aldığı 2 qrupda yarışacaqlar. Hər qrupda ilk üç yerin sahibi pley-offa yüksələcək. Turnir twitch.tv/glahub və gla.az saytında canlı yayımlanacaq.

“Zəfər yolu” çərçivəsində keçirilən “Valorant” oyunu üzrə “Zəfər Liqası”nda isə 8 komanda iştirak edəcək. Oktyabrın 19-da başlayacaq “Zəfər Liqası” noyabrın 11-də yekunlaşacaq.

“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov “Zəfər yolu” turnirinin ikiqat əhəmiyyətli olduğunu deyib: “Biz təkcə kiber idmanın inkişafı deyil, həm də gənclərin asudə vaxtının səmərəli keçirilməsi, pis vərdişlərdən uzaq olması, eləcə də onlara vətənpərvərlik hisslərinin aşılanması istiqamətində yarışlar təşkil edirik. Turnirin “Zəfər yolu” adlandırılması Azərbaycan Ordusunun qazandığı qələbələri daim xatırladığımızı göstərir. “Counter Strike - Global Offensive” və “Valorant” oyunlarını seçməyimiz isə ölkədə bu növlərin çox sevilməsidir”.

Qeyd edək ki, GLA ötən illərdə “Xarı Bülbül”, “Xəmsə” və “GLA SUMMER CUP” adlı beynəlxalq yarışlar təşkil edib.

Xəbər 267 dəfə oxundu.