Bakıda AİPS-in iclası və Gənc Jurnalistlər Proqramının açılışı keçirildi
Bu gün “Park İNN” mehmanxanasında Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) İcraiyyə Komitəsinin iclası və Gənc Jurnalistlər Proqramının açılışı keçirildi. Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, AİPS-in prezidenti Canni Merlo və FİFA-nın rəhbəri Yozef Blatter iştirak etdi. İdman.com.az saytının məlumatına görə, əcnəbi həmkarımız çıxışında təşkilatın tarixi, fəaliyyəti və qarşıda görüləcək işlər barədə məlumat verdi. Qonaq dedi ki, AİPS dünyada idman jurnalistlərini özündə birləşdirən yeganə müstəqil beynəlxalq təşkilatdır. Assosiasiyanın təşkil etdiyi seminar və treninqlərdən minlərlə jurnalist bəhrələnib. Çox sevindirici haldır ki, növbəti tədbirimiz Bakıda təşkil olunur. Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm. Hər dəfə gəldiyimdə bu ölkədə gedən inkişaf məni heyran edir.
Həmkarımız onu da qeyd etdi ki, FİFA U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçirilməsi böyük uğurdur. Azərbaycana dünyanın 15 güclü komandanın təşrif buyurması matçların gərgin idman mübarizəsi şəraitində keçəcəyini deməyə əsas verir. Bununla yanaşı, Bakıya dünya çempionatının oyunlarını işıqlandırmaq üçün xarici ölkələrdən idman jurnalistləri də gəliblər.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı, Azərbaycanın olimpiya yığmasının Londonda qazandığı uğur barədə məlumat verdi. Nazir qeyd etdi ki, FİFA U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu Azərbaycanın FİFA ilə ilk əməkdaşlığıdır.

FİFA prezidenti Yozef Blatter iclasın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirdi. O bildirdi ki, Azərbaycan mötəbər yarışlara yüksək səviyyədə təşkilatçılıq edir. Biz də bunları nəzərə alaraq, futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının ev sahibliyini Azərbaycana həvalə etdik.

Tədbirdə danışılmış futbol matçlarının qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməsi xüsusi vurğulandı. Bunun üçün AİPS, yerli federasiyalar və milli lotereya şirkətlərinin birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı. Həmçinin, 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə olunmuş, mundialın oyunlarında FİFA tərəfindən yeni qaydaların tətbiqi istiqamətində söhbət getdi.

İclasda idman mətbuatında şəffaflığın, matçların təhlilində oyunun hesabının deyil, idmançıların nümayiş etdirdiyi qabiliyyətinin üstün tutulması və idman infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, tədbir çərçivəsində qonaqlar Bakıda sentyabrın 22-də futbol üzrə 17 yaşadək qızlar arasında keçirilən dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcəklər. 23 günlük Gənc Reportyorlar Proqramına AİPS-in 5 qitədən 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunub. Yerli jurnalistlərin sayı 10 nəfərdir. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə «İdman» qəzetinin bir əməkdaşı da iştirak edir. Mediya nümayəndələri paytaxtda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının keçirildiyi 23 gün ərzində qarşılaşmaları birlikdə izləyəcək və hər biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məqalələr hazırlayacaq. Xarici jurnalistlər Bakıda Yerli Təşkilat Komitəsinin seçdiyi azərbaycanlı həmkarları ilə birgə çalışacaqlar.

Xəbər 1521 dəfə oxundu.