«Qarabağ»a Qarabağ lazım deyil
Atalar məsəli: «Özü yıxılan ağlamaz»

«O olmasın, bu olsun» musiqili komediyasında incə bir məqam var: köhnə Bakının tanınmış simaları Rüstəm bəyin evində Məşədi İbadla Gülnazın «həri»sinə yığışırlar. Şənliyin qızğın vaxtında iştirakçılardan biri, həmkarımız Rza əfəndi ayağa qalxıb nitq söyləyir. Osmanlı şivəsini yaxşı anlamayan qonaqlar onu yola vermək üçün başlarını tərpədib, «səninlə razıyam» işarəsini göstərirlər. Onu başa düşmədiyini görən qəzet redaktoru çıxıb getmək istəyəndə, ev sahibi və digər qonaqlar onu güclə saxlayır. Belədə baş qəhrəman dözməyib həmkarımıza belə deyir: «Əşi, o qədər qəliz danışırsan, bilmək olmur ki, nə deyirsən. Mən özüm «Tarix-Nadir» kitabını yarısına qədər oxumuşam. Amma sənin dediyini anlamıram. Bu bisavadlar hardan başa düşsünlər?» Əslində, Rüstəm bəyin məclisində əyləşənlər savadsız deyildilər. Əksəri Avropa təhsil almış əsilzadələr idi. Sadəcə, osmanlı ləhcəsi oradakılara yad idi. Məşədi İbad isə, bundan istifadə edib, ozünü savadlı göstərmək istəyirdi. Buna sözüm yoxdur.
Məni «O olmasın, bu olsun»una gətirən əsas məqam baş qəhrəmanın o toplantıda işlətdiyi «başa duşməmək» sözüdür. Yəni, «Qarabağ» klubunun Qarabağa aid olmasına rəğmən, Qarabağdan qaçmasını anlamamağımdır. Halbuki Ağdam komandası əvvəllər işi çətinə düşəndə, rəqiblərərini Quzanlıya çəkərək, bu gün üçün həqiqi evində onlara badalaq vururdu. Bəs indi nə oldu? Olmaya, düşər-düşməməzliklə oturub duran, maçtlardan qabaq bəlkə də fal açan, Quzanlıya gedərkən yolüstü Şamaxı Rəsədxanasına dəyən «Qarabağ», indi doğma divarlar arasında çempion olmadığını görərək, yenidən köçkünlüyə üstünlük verir?

Vəziyyət o həddə çatmışdı ki, bəzi klublar Ağdam klubunun bu cığal hərəkətinə dözməyərək Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlanmışdı. PFL prezidenti Ramin Musayev o zaman haqlı qərar çıxararaq, onlara Premyer Liqada yalnız bir məkanda futbol oynamağı istəmiş və bunu sənəddə göstərmələrini tələb etmişdi. Hə, deyəsən, indi işlər yenə şuluqdur. «Qarabağ» doğma yurdundan qaçmasına onunla əsas gətirdi ki, onun çıxış etdiyi Quzanlı Olimpiya İdman Kompleksinin ot örtüyü yararsızdır və buna görə çempion ola bilmirlər. Bəhanəyə baxın! Guya indi Tofiq Bəhrəmov adına Respublika stadionunda oynasalar, Premyer Liqanın qalibi olasıdırlar. Nə bilim, bizdə hər şey mümkündür. Kim bilir «Qarabag» camiyəsinin gələcək planı nədir?

Məni bu məqamda incəliyə varan bir məsələ var: Quzanlı idman bazanın direktoru ölkə televiziyasına açıqlamasında deyib ki, olimpiya kompleksinin qazonuna elə «Qarabağ»ın öz mütəxəssisləri qulluq edirdilər. Demək, pis futbol oynadıqları kimi, stadiona pis də qulluq olub. Burada atalar yaxşı deyir: «Özü yıxılan ağlamaz».

Avrokuboklarda qazandığı inamlı qələbələrlə başı gicəllənən «Qarabağ», SSRİ xalq artisti Zeynəb Xanlarova dəstiri, «məndən yoxdur» dedi. Məşhur müğənnimizi başa duşmək olar. O, düz deyir. Ondan həqiqətən də yoxdur. 70 yaşında da cavan vaxtlarındakı tək yüksək səviyyəli konsert verir. Amma «Qarabağ» o qədər eyforiyaya qapıldı ki, ölkə çempionatında qızıl medal iddiası arxa plana keçdi. Mətbuatda dərc olunan haqlı tənqidlərə - ehtiyat oyunçular skamyasının genişlənməsinə fikir vermədi. Guya siyasəti yerli futbolçuların üzərində qurdu. Ancaq zaman-zaman legionerlər aldı. Ötən mövsüm «Qarabağ»ın heyətində startda 5 əcnəbi futbolçu meydana çıxdı ki, bu da «yerli futbolçulara üstünlük vermək» siyasətindən çox uzaq sayılır.

Obrazlı desəm, keçən bu günə. Doğma yurdundan imtina edən komanda keçən tur səfərdə AzAL klubu ilə qarşılaşdı və tarixində ən böyük «kötəy»i yedi. «Ağlar» qapısında 6 qol gördü.
Bəlkə də bu məğlubiyyət yaralı, ahu-nalə içrə qovrulan, yeganə sevinci, 90 dəqiqəlik olsa da, böyük dərdləri unutduran futbollu «Qarabağ»a doğma el-obasından - Qarabağın qarğış tilsimi idi.
«Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ»ın sapı özündən olub-olmadığı da bəlli olmayan baltaların vurduğu hər zərbəyə reaksiyası, hər zərbədən qopan tilişkələrin qopardığı haraydır, özünümüdafiə instinktidir bu.


Xəbər 3200 dəfə oxundu.