Cüdo üzrə region birincilikləri təşkil olunacaq
Sentyabrın 24-dən Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-15 və U-18 region birincilikləri keçiriləcək.

Beynəlxalq tələblərə uyğun təşkil olunacaq yarışlar bölgələr üzrə Şirvan (24-25 sentyabr), Xaçmaz (29-30 sentyabr), Beyləqan (5-6 oktyabr), Şəki (8-9 oktyabr), Qazax (15-16 oktyabr), Ağdam (20-21 oktyabr) və Naxçıvanda (21-22 oktyabr) keçiriləcək. O cümlədən U-18 Sumqayıt şəhər birinciliyi noyabrın 26-da Sumqayıt Olimpiya İdman Kompleksində, U-18 Bakı şəhər birinciliyi isə dekabrın 11-13-də FHN İdman Sağlamlıq Kompleksində təşkil olunacaq.

Region birincilikləri müvafiq yaş qrupları üzrə Azərbaycan birinciliklərinə seçim xarakteri daşıyacaq.

Qeyd edək ki, ACF-in ölkədə cüdo idman növünün inkişafı və kütləvləşdirilməsi üçün gördüyü işlərdən biri regionlarda keçirilən turnirlərin sayının artırılmasıdır. Həmçinin, yarışlardan bir gün öncə ACF-in hakimlər heyəti tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilərin biliklərinin artırılması üçün seminarlar təşkil olunacaq.

Xəbər 357 dəfə oxundu.