Kikboksçularımız İtaliyada keçiriləcək dünya çempionatına hazırlaşırlar
Yeniyetmə və gənclərdən ibarət kikboksinq millimiz İtaliyanın Yezolo şəhərində keçiriləcək dünya çempionatına hazırlaşır.

Dünya çempionatına hazırlıq avqustun 15-dən başlayıb. Hazırlıq gündə 2 dəfə olmaqla, baş məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında DİN İdman Cəmiyyətinin kikboksinq zalında keçirilir. Məşq prosesində Qazaxıstanın yeniyetmə və gənclər üzrə millisinin 4 üzvü də iştirak edir. Onlar Bakıda milli komandamızla 10 günlük məşq prosesinə cəlb olunub.

“Hər gün 09:00-12:00 və 18:00-21:00 olmaqla 2 dəfə məşq keçirik. Son Azərbaycan birinciliyinin nəticələrinə əsasən, 38 idmançı hazırlıqda iştirak edir. Dünya çempionatında bütün versiyalarda – K1, "Low kick", "Kick light", "Point fighting"də təmsil olunacağıq. Həmçinin, 60 kiloqram çəki dərəcəsində bir qız idmançı – Özləm Həsənova da mübarizə aparacaq”, – deyə H.Hacıyev bildirib.

Baş məşqçi bildirib ki, hazırlıq sentyabrın 28-dək davam edəcək. Onun sözlərinə görə, bu dəfə hədəf daha çox sayda medal qazanmaqdır: “Ötən il Avropa çempionatında 17 medal qazanmışdıq. Onun 5-i qızıl, 4-ü gümüş və 8-i bürünc medal idi. Bu, ən yüksək nəticəmiz kimi tarixə düşmüşdü. Bu dəfə çox sayda idmançı ilə yola düşəcəyik. İnanıram ki, medal sayımız da bu dəfə çox olacaq. Bu da federasiya rəhbərliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin diqqət və qayğısının nəticəsidir ki, İtaliyaya çox sayda idmançı ilə yola düşəcəyik. Biz də bu etimadı doğrultmaq üçün mümkün olduğu qədər qızıl medal qazanıb, Azərbaycanın bayrağını yüksəltməyə çalışacağıq”.

Qeyd edək ki, milli komanda dünya çempionatına sentyabrın 30-da yola düşəcək və oktyabrın 10-da Vətənə qayıdacaq.

Xəbər 346 dəfə oxundu.