Avropada ilk dəfə Azərbaycanda
Sabah 17 yaşlı qız futbolçuların dünya kuboku uğrunda mübarizəsinin final mərhələsi başlanacaq. İlk dəfədir müstəqil Azərbaycan belə mötəbər futbol yarışının final mərhələsinə ev sahibliyi edəcək. Elə təkcə bu faktın özü ölkəmizdə bu idman növünün perspektivi baxımından böyük imkanlar vəd edir.

Əlbəttə, 17 yaşlı qızların dünya kuboku böyük futbol mənasında, elə də sanballı yarış sayıla bilməz. Lakin ölkəmizdə bu sahədə hələ ilk addımlar atıldığını da unutmaq olmaz. Məhz daxili imkanlarla müqayisə etdikdə, bu turnir Azərbaycan üçün böyük qapıların astanasıdır. Lakin bu yarış həm də Azərbaycanın beynəlxalq yarış təşkilatçılığı sahəsində daha bir uğuru üçün əsaslı dönüş məqamıdır. Amma ötən hazırlıq dövrü də əyani göstərdi ki, yarışı keçirmək nəinki Azərbaycan üçün vacib idi. Bu, FİFA-nın da karına gəldi. Azı, ona görə ki, əvvəlki final mərhələlərindən fərqli olaraq, bu turninrin də piar aksiyası istər beynəlxalq arenada, istərsə də ölkəmizdə əvvəlki təşkilatçılıq işlərindən xeyli fərqləndi. Əvvəlki iki turnirin təşkilatçıları bu qədər mərasimlər təşkil edib, bu yarışın dünyada reklamına diqqət ayırmamışdılar. FİFA öz gücü və imkanları hesabına iş görürüdü. AFFA-nın gördüyü işlər isə həm də ölkəmizin təbliği baxımından kara gəldi.
Təbii ki, AFFA bu fürsətdən istifadə etməklə, başqa sahələrdə daha çox iş görə bilərdi. Lakin 17 yaşlıların turnirinə ev sahibliyi etmək qərarına gəlib, bu hüququ əldə edəndə Azərbaycanda 17 yaşlı qızların futbala cəlb edilməsi sahəsində böyük problemlər var idi. İndi isə artıq yerli futbolçuların yetişdirilməsi istiqamətində ilk addımlar atılıb. Sonrakı dövrdə ona böyüklərin və kişilərin futbolunun aqibəti yaşadılmasa, əminəm ki, uğurlar da olacaq. Axı, qadın futbolunda ölkəmizin uzaq-yaxın keçmişdə uğurları heç də az olmayıb. Təkcə 90-cı illərdə məşhur həndbolçuların liderlik etdiyi futbol komandamızın uğurları, yəqin, yaddaşlardan silinməyib. Stadion da azarkeş toplayırdı, rəğbət də var idi, sevgi də, istək də.
Ümumiyyətlə, bu mövzuda çox danışmaq olar. Ən azı, bu yarışın gətirdiyi ovqat, fürsət və imkanlardan yararalanmaq lazımdır.

17 yaşlı qızların yarışının ilk uğuru artıq məlumdur. Ölkənin arenaları sırasına daha bir neçəsi əlavə olundu. Bəlkə də başqa vaxt onların tikintisini xeyli gözləmək lazım gələrdi. Əfsuslar olsun ki, AFFA bu məsələdə regionlardan çox az istifadə etməklə, yalnız Lənkəran şəhər stadionunu yarış arenaları sırasına daxil etdi.

17 yaşlı qızların dünya çempionatını keçirmək ideyası 2003-cü ildə gerçəyə çevrilib. 2002-ci ildə Kanadada 19 yaşlıların turnirinin ilk uğurları FİFA-nı ilhamlandırdı və o, eyni addımı 17- yaşlılar üçün də atmaq qərarına gəldi. 2008-ci ildə ilk final mərhələsi Yeni Zelandiyada təşkil olundu. Turnirdə 16 komanda mübarizə apardı. 16162 tamaşaçının izlədiyi final görüşündə Şimali Koreya ABŞ-a əlavə vaxtda 2:1 hesabı ilə qalib gəldi. 3-cü yeri ingilislərə qalib gəlmiş almanlar tutdular – 3:0. Ümumən yarışı 212504 (hər oyuna orta 6641) tamaşaçı izlədi.
Sonrakı turnir Avropadan qərbə - okeanın o tayına keçdi. 141622 tamaşaçını ətrafına toplaya bilmiş Trinidad və Tobaqodakı yarışın həlledici matçında bu dəfə cənublu koreyalılar qalib gəldilər. Onlar 3:3 hesabı ilə başa çatan qarşılaşmanın yalnız penaltilər seriyasında qələbəni qopara bildilər – 5:4.

Nəhayət, 17 yaşlı qızların mündialının Avropaya ilk səfəri Azərbaycandan başlanır. Bu barədə qərar 2010-cu il martın 19-da verilmişdi. Sonradan elan edilən tarixlərlə yarışın başlanmasına 305 gün qalmış edilən bu seçim təşkilati işləri sürətləndirdi. Artıq yarışın başlaması üçün hər şey hazırdır. Piar dövründə AFFA, dəstəkçilərinin köməyi ilə, bu yarış üçün dünya şou-biznes ulduzlarının da adı və imicinidən istifadə etməklə, dünya qadın futbolu qarşısında əhəmiyyətli rol oynamış oldu. Turnirin dünyada nüfuz qazanması baxımından bu, əhəmiyyətli təsir vasitələrindən ən başlıcası oldu.

İndi qalır hər şeyi meydanlarda təşkil edib, buna qədər ölkəmizdə keçirilmiş digər mötəbər yarışlar kimi, bu idman mübarizəsini da başıuca keçirmək, onu ölkəmizin təşkilatçı uğurları siyahısına əlavə etmək.
Sonra turnir yenə okeanın o tayına, Kosta-Rikaya yollanacaq.

BATI YAR, “İdman” qəzeti

Xəbər 1176 dəfə oxundu.