Mahir Məmmədov: Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, Şuşada şahmat üzrə beynəlxalq turnir keçirilir
Müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, Şuşada şahmat üzrə beynəlxalq turnir keçirilir. Millimizin üzvləri və dünyanın məşhur şahmatçıları “Shusha Chess-2022”də iştirak edirlər. Yarışın bir sıra görkəmli qonaqları da var.

Bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

“Turnirin ənənəvi olması üçün əlimizdən gələni edəcəyik. Bu məsələ ilə bağlı çox suallar verilir. Hazırda ilk yarış təşkil olunur. Bizim mənəvi haqqımız yoxdur ki, bu turnir ənənəvi olmasın. Qrossmeysterlər rapid və blits yarışları üzrə mübarizə aparacaqlar. Dünyanın şahmat təqvimi sıx olduğundan yarışa çox günün sərf olunmasını istəmədik. Rapid və blits XXI əsrin reallığıdır. İnanıram ki, 5-6 saat davam edən klassik turnirlər tarixdə qalacaq”, - deyə M.Məmmədov bildirib.

“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.

Xəbər 205 dəfə oxundu.