Canni De Byazi: Rəqibə necə çətinlik yaradacağımızı bilirik
Komandada yaxşı atmosfer var. Ümid edirəm ki, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası rəqibdən qorxmamalıyıq.

Bunu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Slovakiyanın Trnava şəhərində keçiriləcək Slovakiya–Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Canni De Byazi söyləyib.

“Son dörd matçda göstərdiyimiz oyuna görə az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik”, - deyə millimizin baş məşqçisi qeyd edib.

Qara Qarayevin milliyə dəvət olunmaması ilə bağlı fikirlərini bölüşən Canni De Byazi deyib: “Qara Qarayev nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki qaldı, mənim müqaviləmin başa çatmasına, son iki oyunun yekun qərar vermək üçün həlledici olacağını düşünmürəm. Əlbəttə, yekun qərarı AFFA verəcək. Qərar nə olursa-olsun biz əvvəlki kimi dost münasibətimizi davam etdirəcəyik”.

Millimizin kapitanı Emin Mahmudov isə baş məşqçinin futbolçulara necə oynayacaqlarını izah etdiyini bildirərək deyib: “Çalışacağıq ki, onun verdiyi tapşırıqları yerinə yetirək. Sözün həqiqi mənasında vuruşaq və yaxşı nəticə əldə edək”.

Xəbər 261 dəfə oxundu.