Bakıda Azərbaycan və ABŞ-ın polo komandaları arasında yoldaşlıq görüşü keçirilib
Sentyabrın 21-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikasını təmsil edən “Elite Horse and Polo Club” komandası ilə ABŞ-ın “Grand Champions Polo Club” komandası arasında yoldaşlıq görüşü keçirilib.

ABŞ komandasına dünyaca məşhur polo idmançılarından biri, Sankt-Morisdə qar üstündə polo turnirinin qalibi olan ilk qadın kimi tarixə düşmüş Melissa Qanzi rəhbərlik edib. Yeni istifadəyə verilmiş arenadakı qarşılaşma 6:6 hesabı ilə başa çatıb.

Bu yoldaşlıq görüşü Bakıda iki yeni polo meydançasının açılışı münasibətilə təşkil olunub. Dünyada tanınmış “Battro” şirkətinin dəstəyi ilə qurulmuş bu polo meydançalarının istifadəyə verilməsi ilə ölkəmizdə atçılıq polosu üzrə ən mötəbər beynəlxalq turnirlərin keçirilməsi üçün şərait yaradılacaq.

Qeyd edilib ki, bu nailiyyətlərin qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin atçılıq idmanının inkişafına göstərdiyi ali diqqətin nəticəsində mümkün olub. Məlum olduğu kimi, son illər ərzində ölkəmizdə mövcud atçılıq idmanı infrastrukturu təkmilləşdirilib və idmançıların məşq şəraiti yüksək səviyyəyə çatdırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası 2013-cü ildən Beynəlxalq Polo Federasiyasına üzv qəbul edilib. Həmin ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə “Arena Polo” yarışlarının keçirilməsinə start verilib. 2013-cü və 2014-cü illərdə Bakı şəhərində arena polo üzrə turnirlər keçirilib. 2015-ci ildə paytaxtımızda təşkil olunan ilk Avropa çempionatında milli yığmamız beş rəqibini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb. İdman reytinqinə görə qitənin ən güclü yığmalarının iştirakı ilə keçirilmiş arena polo üzrə birinci Avropa çempionatında komandamızın qələbəsi ölkəmizdə atçılığının inkişafının bariz nümunəsi olub. Bu münasibətlə Azərbaycan yığmasının üzvlərini və federasiyanın rəhbərliyini qəbul edən dövlətimizin başçısı onlara gələcək yarışlarda da idmanımızın şöhrətini hər zaman uca tutmalı olduqlarını bildirib.

2014-cü ildən etibarən hər il yığma komanda üzvləri üç aylıq müddətə Argentinaya polo məşqlərinə göndərilib. Bu məşqlərin nəticəsində güclənmiş yığmamız tarixində ilk dəfə 2018-ci ildə İtaliyada keçirilən Avropa çempionatında 8 komanda arasında finala yüksələrək gümüş medalın sahibi olub. 2018-ci ilin noyabrında milli yığmamız ABŞ-ın Florida ştatında Amerika-Azərbaycan yoldaşlıq görüşünü keçirib.

Xəbər 296 dəfə oxundu.