“Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilir
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilir.

Turnir Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov, Xalq yazıçısı Çingiz Abdullayev, idman ictimaiyyətinin nümayəndələri, turnirin iştirakçıları və media nümayəndələri iştirak edirlər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şuşadan və turnirdən bəhs edən videoçarx nümayiş olunub.

Sentyabrın 24-dək Şuşadakı “Qarabağ” otelində davam edəcək turnirin açılış mərasimindən sonra yarışın püşkatma mərasimi baş tutacaq.

Sonra ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. Doqquz ölkədən qatılacaq şahmatçılar rapid və blits üzrə yarışacaqlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.

“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.

Xəbər 347 dəfə oxundu.