Azərbaycan Cüdo Federasiyasının prezidenti gənclərdən ibarət milli yığmanın üzvləri ilə görüşüb
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev gənclərdən ibarət Azərbaycan milli komandasının idmançıları, məşqçi və tibbi-dəstək heyəti ilə görüşüb.

R.Nəbiyev sentyabrın 15-18-də Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında cüdoçuların əldə etdikləri uğurlara görə onları təbrik edib.

O, komandamızın fərdi yarışlarda qazandığı 3 qızıl, 1 gümüş və 1 bürünc medalı və medal sıralamasında gənc oğlanlar arasında birinci yerin əldə edilməsini yüksək nəticə kimi dəyərləndirib.

R.Nəbiyev bildirib ki, Azərbaycan cüdo tarixində ilk dəfədir ki, gənclərin Avropa çempionatında qarışıq komanda yarışında medal qazanıb. O, ilin əvvəlindən etibarən Azərbaycan milli yığmalarının qatıldıqları bütün komanda yarışlarında medal qazanmalarının Azərbaycanda cüdonun inkişaf səviyyəsinin önəmli göstəricisi olduğunu vurğulayıb.

R. Nəbiyev qeyd edib ki, bütün bu nəticələr ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya olan qayğısı və dəstəyi nəticəsində əldə edilib. Federasiya rəhbəri gənc cüdoçulara özlərini tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişdirmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb.

Xəbər 224 dəfə oxundu.