Stronqmen üzrə Azərbaycan millisinin üzvü Aydın Hümbətov: Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik
Avropa çempionatına uğurlu start verdim. Yarışın ilk günündə medal qazanmağı bacardım. Ümumiyyətlə, rəqiblərim çox güclü idi. Yarışa ciddi hazırlaşmışdım.

Bu sözləri “Arnold Classic Europe-2022” festivalı çərçivəsində təşkil olunan stronqmen üzrə qitə çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvü Aydın Hümbətov paytaxtımızda təşkil olunan qarşılanma mərasimində jurnalistlərə müsahibəsində deyib.

Çempionatda iki gümüş medal qazandığını diqqətə çatdıran A.Hümbətov bildirib ki, yarışda hərəkətlərə hazırlıq üçün 7, istirahət üçün hər idmançıya 3 dəqiqə vaxt verilirdi. Digər yarışlarda daha çox vaxtımız olurdu. Hərəkətlər də çox ağır və çətin idi. Amma çox sevinirəm ki, mükafatçılar sırasında yer almağı bacardım: “Ölkəmizi Avropa çempionatında layiqincə təmsil etdik. Millimiz komanda hesabında Avropa dördüncüsü oldu. Qazandığım medalları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən hərbçilərə həsr edirəm”.

Qeyd edək ki, İspaniyanın Sevilya şəhərində “Arnold Classic Europe - 2022” festivalı çərçivəsində stronqmen üzrə Avropa çempionatını Azərbaycan idmançıları üç medalla başa vurublar.

İdmançımız Nicat Hüseynov (95 kq) maşındartma və ağır daşların qaldırılması yarışında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına layiq görülüb. Çempionatda 110 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aydın Hümbətov maşındartma və ağır daşların qaldırılması, eləcə də çoxnövçülük yarışlarında gümüş medal əldə edib.

Xəbər 261 dəfə oxundu.