“Kəpəz” klubunun uğursuz seriyaları qırılıb
Gəncənin “Kəpəz” klubunun uğursuz seriyaları qırılıb. Gəncə təmsilçisi mövsümdə ilk xallarını Azərbaycan Premyer Liqasının yeddinci turunda qazanıb. Qəbələdə baş tutan ev oyununda Tərlan Əhmədovun yetirmələri “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə əldə ediblər. Bununla da “Kəpəz”in 8 oyundan ibarət məğlubiyyət seriyası qırılıb.

Cari mövsümdə 6 matçda uduzan Gəncə təmsilçisi 2017/2018-ci il mövsümünün son iki görüşündə də xalsız qalıb. Gəncə təmsilçisi son xalını 2018-ci il mayın 4-də “Sumqayıt”la görüşdə əldə edib – 1:1.

“Kəpəz” tarixinin ən uzun məğlubiyyət seriyasının bir addımlığında dayanıb. 2012/2013-cü il mövsümündə komanda ardıcıl 9 qarşılaşmadan xalsız ayrılıb.

Gəncə klubu qələbəsizliyə də son qoyub. Sonuncu dəfə 2018-ci il martın 3-də öz meydanında “Səbail”i 2:1 hesabı ilə üstələyən “Kəpəz” 16 matçlıq həsrətə 1660 gün sonra son qoyub. Bu müddətdə 4 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb.

Xəbər 196 dəfə oxundu.