Dünya çempionu Meri Arabidze Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirində iştirak edəcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçı siyahısında dəyişiklik olub.

“Shusha Chess 2022” beynəlxalq şahmat turnirində qadınların yarışında Nurgül Səlimova (Bolqarıstan) iştirak etməyəcək. Onun əvəzinə yeniyetmələr arasında dəfələrlə dünya çempionu olan Meri Arabidze (FIDE reytinqi 2422, Gürcüstan) mübarizə aparacaq.

Xatırladaq ki, qadınların yarışında milli komandamızın üzvləri, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) çıxış edəcək.

“Shusha Chess 2022” beynəlxalq şahmat turniri sentyabrın 21-24-dək keçiriləcək.

Xəbər 203 dəfə oxundu.