Avstriya komandası polo üzrə Avropa çempionu olub
Azərbaycan Atçılıq Federasiyası (ARAF), Avropa və Beynəlxalq Polo federasiyalarının təşkilatçılığı ilə Bakıda keçirilən arena polo üzrə Avropa çempionatının qalibi məlum olub.

Binə Atçılıq Mərkəzində təşkil olunan qitə çempionatının sonuncu matçında Avstriya və İspaniyanın polo komandaları çempion adı uğrunda mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Avstriya komandası rəqibini 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan və İsveçrə seçmələri arasında bürünc medal uğrunda mübarizə isə yığmamızın qələbəsi ilə başa çatıb.

“Elite Horse and Polo Club”un meydançasında keçirilən final matçından sonra yarışın qalibləri mükafatlandırılıb.

Fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, sentyabrın 14-də start götürən çempionatda Azərbaycan, İspaniya, İsveçrə və Avstriya polo komandaları iştirak ediblər.

Xatırladaq ki, 2015-ci ildə paytaxtımızın ilk dəfə ev sahibliyi etdiyi qitə çempionatı Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.

Xəbər 288 dəfə oxundu.