Bakıda təşkil olunan arena polo üzrə Avropa çempionatında final görüşü keçirilir
Azərbaycan Atçılıq Federasiyası, Avropa Polo Federasiyası və Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə Bakıda arena polo üzrə Avropa çempionatının final görüşü keçirilir.

Binə Atçılıq Mərkəzində təşkil olunan qitə çempionatının həlledici matçında İspaniya və Avstriya komandaları birincilik uğrunda mübarizə aparır.

Yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Qeyd edək ki, bürünc medal uğrunda mübarizədə Azərbaycan komandası İsveçrə seçməsindən üstün olaraq fəxri kürsünü üçüncü pillədə başa vurub.

Çempionatda Azərbaycan, İspaniya, İsveçrə və Avstriya polo komandaları iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 14-də start götürən turnirdə İspaniya yığması İsveçrə, sonra millimiz üzərində qələbə qazanıb və Avstriyaya uduzaraq finala vəsiqə əldə edib.

Azərbaycan poloçularına ilk görüşdə məğlub olan Avstriya kollektivi isə daha sonra İsveçrəyə və İspaniyaya qalib gələrək həlledici qarşılaşmaya yüksəlib.

Xatırladaq ki, 2015-ci ildəki ilk qitə çempionatına da paytaxtımız ev sahibliyi edib. Həmin yarış Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.

Xəbər 395 dəfə oxundu.