Azərbaycan Premyer Liqası: "Sabah" komandası "Turan Tovuz"u məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun açılış matçında "Sabah" komandası "Turan Tovuz"u qəbul edib.

"Bank Respublika Arena"da keçirilən qarşılaşma “Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 15-ci dəqiqədə paytaxt təmsilçisinin oyunçusu Davit Volkov açıb. 34-cü dəqiqədə Almaniyalı yarımmüdafiəçi Coy Lens Mikels ikinci qolu qapıdan keçirdikdən sonra əsgər salamı verib. Bölgə klubunun hücumçusu Runi Eva 81-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə isə Elvin Camalov penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

"Sabah" bu qələbədən sonra xallarının sayını 16-ya çatdıraraq liderliyə yüksəlib. 10 xalı olan "Turan Tovuz" isə 4-cü pillədə qalıb.

Günün ikinci matçında "Neftçi" "ASCO Arena"da "Səbail"lə qarşılaşır.

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları keçiriləcək.

Xəbər 295 dəfə oxundu.