UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının qrup mərhələsinin ilk turunun qarşılaşmalarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin Serbiyada “Partizan”la heç-heçə etməsi sayəsində mümkün olub – 0:0.

Təsnifat mərhələsindən fərqli əsas mərhələdə heç-heçə artıq 0,125 deyil, 0,250 xal gətirir. 0:0 hesablı heç-heçə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə - 2,500-ə çatıb.

Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 1,125-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.

“Neftçi”nin qələbəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord - 8,041 xal yığmağa imkan verib. Bunun da sayəsində Azərbaycan daha bir pillə irəliləyib. Bu dəfə Bosniya və Herseqovinanı arxada qoyaraq 33-cü pilləyə yüksəldik. Futbol tariximizdə növbəti rekord olan bu pillə daha da yaxşılaşa bilər. Belə ki, bizi 32-ci yerdən 1 qələbə ayırır. Özü də izləyicilərimiz kimi 32-ci olan Finlandiyanın da təmsilçisi qalmadığından bu çox realdır.

Xəbər 1067 dəfə oxundu.