Bu gün Azərbaycan Premyer Liqasında yeddinci tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeddinci tura start veriləcək.

ilk oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçında "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Hazırda paytaxt klubu 13 xalla turnir cədvəlində üçüncü sırada qərarlaşıb. Bölgə təmsilçisi isə 10 xalla dördüncüdür. Komandalar bunadək Premyer Liqada üz-üzə gəlməyiblər.

Günün digər oyununda isə 15 xalla turnir cədvəlində ikinci pillədə yer alan "Neftçi" 5 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olacaq.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıblar. Bunların 14-də "Neftçi", 2-də isə "Səbail" qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də “Neftçi”nin aşkar üstünlüyü var - 41:11.

Sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları baş tutacaq.

Xəbər 217 dəfə oxundu.