Usta cüdoçularımız dünya çempionatında 15 medal qazanıblar
Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub. Çempionatda 60 ölkədən 837 (743 kişi, 94 qadın) veteran cüdoçu qüvvəsini sınayıb

Azərbaycan yığması yarışlarda 7 yaş kateqoriyası üzrə 31 idmançı ilə təmsil olunub. Yarışda Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının dəstəyi ilə “Judo Club 2012”nin məşq bazasında hazırlaşmış usta cüdoçularımız Krakovdan Vətənə 15 medalla (5 qızıl, 5 gümüş, 5 bürünc) qayıdırlar.

Yığma komandanın baş məşqçisi Fərhad Rəcəbli üçün bu çempionat xüsusilə yaddaqalan olub. O, M7 yaş kateqoriyasında 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib və usta cüdoçular arasında keçirilən dünya çempionatlarında 10-cu qızıl medalını qazanıb. Bundan əvvəl, bu ilin iyun ayında Yunanıstanın Heraklion şəhərində keçirilən veteranlar arasında Avropa çempionatında isə usta cüdoçumuz 8-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Krakovda komandamıza digər qızıl medalları Tural Səfquliyev (100 kq), İntiqam Ələkbərov (M1, 100 kq), Azər Fətullayev (M3, 81 kq) və Babək Hacıyev (M3, 60 kq) qazandırıblar.

Nadir Babayev (M1, 73 kq), Murad Rəcəbli (M1, 90 kq), Qurban Məmmədli (M1, +100 kq), Məmməd Məmmədov (M2, 73 kq), Zülfüqar Hüseynov (M3, 81 kq) gümüş, Samir İsmayılov (M2, 81 kq), Mətləb Məmmədov (M2, 90 kq), Rəşad Quliyev (M3, 73 kq), Emil Hüseynov (M4, 100 kq) və Mübariz Cəfərov (M5, 90 kq) isə bürünc medala sahibi olublar.

Ümumilikdə 5 dəst medal qazanan veteranlarımız çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurublar.

Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alıb. O, 2 final görüşünə, 4 bürünc medal uğurunda mübarizəyə hakimlik edib.

Xəbər 235 dəfə oxundu.