AMADA idmançı hüquqlarının qorunmasını daha da gücləndirir
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) elan etdiyi idmançı hüquqları ayı (sentyabr) çərçivəsində idmançı hüquqlarının qorunmasını daha da gücləndirmək məqsədilə yeni layihələr həyata keçirir.

Növbəti belə addım antidopinq icraatları zamanı idmançı hüquqlarının qorunması və onlara vacib hüquqi yardımın göstərilməsi ilə bağlıdır. Bunun üçün AMADA və “SME Hüquq” MMC arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, hər il daha 5 idmançı ödənişsiz hüquqi yardımla təmin ediləcək.

Sənədi AMADA-nın direktoru Şəfəq Hüseynli və “SME Hüquq”un direktoru Ruslan Muxtarov imzalayıblar.

Ş.Hüseynli bildirib ki, idmançı hüquqlarının qorunması AMADA üçün dəyişməz prioritetdir. Təcrübə göstərir ki, antidopinq icraatları zamanı idmançıların hüquqi yardımla təmin edilməsi və proses zamanı düzgün yönləndirilməsi onların gələcək karyerası baxımından çox vacibdir. Antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı AMADA tərəfindən həyata keçirilən beynəlxalq layihənin nəticələri də göstərir ki, bu məsələ dünyada aktualdır.

R.Muxtarov deyib: “Rəhbərlik etdiyim şirkət idmançı hüquqlarının qorunmasına xidmət edən bu əməkdaşlığa böyük əhəmiyyət verir. Bunu ədalətli və təmiz idmanın qorunmasına bir töhfə hesab edirəm”.

Qeyd edək ki, 2020-ci ildə AMADA və “BM Morrison Partners” şirkəti arasında da analoji sənəd imzalanıb və hər il 5 idmançının ödənişsiz hüquqi yardımla təmin edilməsi razılaşdırılıb. Son imzalanan sənəddən sonra hər il 10 idmançını ödənişsiz hüquqi yardımla təmin etmək mümkün olacaq ki, bu da mübahisələndirilən antidopinq icraatlarının əhəmiyyətli bir hissəsini təşkil edir.

AMADA idmançılara ödənişsiz hüquqi yardım layihəsini dünyada ilk dəfə həyata keçirən antidopinq təşkilatlarından biridir və AMADA-nın təcrübəsi bir çox ölkələrin antidopinq qurumları tərəfindən öyrənilərək tətbiq edilir.

Xəbər 196 dəfə oxundu.