Marneulili gənclər Naxçıvanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər
Gürcüstanın Marneuli şəhərindəki “Çay Evi”nin “Marneuli Şahmat Klubu”nun yetirmələri oktyabrın 1-dən 11-dək Naxçıvan şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər.

Bu barədə Marneulidəki “Çay Evi”nin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunmuş tədbirdə məlumat verilib.

Bildirilib ki, marneulili gənclər bu beynəlxalq idman yarışmasında SOCAR-ın dəstəyi ilə iştirak edəcəklər.

Tədbirdə çıxış edənlər “Çay Evi”nin fəaliyyətini yüksək qiymətləndiriblər. Gənclərin və yeniyetmələrin gürcü və ingilis dillərini öyrənmələri, ali məktəblərə hazırlığı, idmanın müxtəlif növləri üzrə keçdikləri məşqlər və əldə etdikləri nailiyyətlər xüsusi qeyd olunub.

Tədbir çərçivəsində “Çay Evi”ndə müxtəlif vaxtlarda təhsil alan və uğur qazanan gənclərə mükafatlar təqdim edilib.

Naxçıvan şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək “Marneuli Şahmat Klubu”nun “Georgia II” komandasının tanıtım layihəsi təqdim olunub.

Eyni zamanda, “Wiki Club Marneuli” iştirakçılarına “Wikimedia UG Georgia” tərəfindən hədiyyələr verilib. Həvəskar futbol komandasının üzvlərinə isə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən "Qarabağ" klubunun formaları hədiyyə olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin məsul əməkdaşları, Gürcüstanın Şahmat Federasiyasının prezidenti, Marneuli bələdiyyəsinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbər 253 dəfə oxundu.