Samir Davidov: Vüqar Həşimov Akademiyası gələcəkdə ölkəmizdə aparıcı şahmatçıların yetişməsində baza rolunu oynayacaq
Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilib. Yarışın B (12 yaşadək) qrupunda Vüqar Həşimov komandası mükafatçılar sırasında yer alıb. Belə ki, kollektiv ümumi komanda hesabında bürünc medala sahib olub.

Vüqar Həşimov Şahmat Akademiyasının (VHŞA) məşqçi-müəllimi Samir Davidov yarışın fərdi-komanda formatında keçirildiyini deyib.

Bildirib ki, yarışda Akademiyanın komandaları uğurlu çıxışı ilə yadda qalıb. Yetirmələrimiz - Cavad Xəlilzadə, Xanlar Allahverdiyev, Kamran Babayev və Ləman Kəlbəliyevadan ibarət komandamız inamlı mübarizənin sonunda bürünc medala yiyələnib. Komandanın yeni yaranmasını nəzərə alsaq, bürünc medalın əhəmiyyəti böyükdür. Əlavə olaraq, fərdi göstəricilərə görə 10 yaşadək qızlar arasında L.Kəlbəliyeva ikinci, 12 yaşadək oğlanlar arasında isə C.Xəlilzadə üçüncü yeri tutublar. Bu nailiyyət Akademiyanın gələcəkdə ölkəmizdə aparıcı şahmatçıların yetişməsi üçün baza rolunu oynayacağından xəbər verir.

VHŞA-nın yetirmələri bu gün qazandıqları nailiyyətlər ilə fərqlənirlər. Yeni yaradılan Vüqar Həşimov komandası isə yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da qazandığı uğurlarla Azərbaycan şahmat tarixində yeni səhifə açıb. Məşhur qrosmeysterin adını daşıyan Akademiyada uşaqlar və yeniyetmələr şahmatın sirlərini öyrənir, peşəkar müəllim-məşqçilərin rəhbərliyi altında öz istedadlarını daha da təkmilləşdirir, Vüqar Həşimovu özlərinə ideal seçərək onun yolu ilə gedib, uğur qazanmağa çalışırlar.

S.Davidov deyib: “İstənilən nəticəni uğurlu hesab etmək olar. Biz hər zaman yetirmələrimizdən daha uğurlu nəticələr, daha yüksək yerləri gözləyirik. Respublika Şahmat Olimpiadasında qazanılan bürünc medal gələcək qələbələrin təməli, uğurun başlanğıcıdır. Qeyd etmək lazımdır ki, adı çəkilən uşaqların hər biri Bakı çempionatlarında, Azərbaycan birinciliklərində öndə olan şahmatçılardır. Həmin zəka sahibləri gözəl gələcək vəd edir və inanıram ki, onlar beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil etmək potensialına malik idmançılardırlar”.

2014-cü ildən ölkəmizdə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir təşkil olunur. Dünyanın ən məşhur şahmatçılarının bu turnirdə məmnuniyyətlə çıxışı Vüqar Həşimovun zəka sahibləri arasında böyük hörmətə sahib olmasından irəli gəlir. Yüksək insani keyfiyyətləri ilə seçilən Vüqarın arzuları bu gün adını daşıdığı Akademiya tərəfindən böyük həvəslə həyata keçirilir.

VHŞA-nın ölkəmizdə Beynəlxalq Şahmat Federasiyasında (FIDE) qeydiyyatdan keçən yeganə akademiya olduğunu vurğulayan S.Davidov dünyada bu tipli cəmi 38 beynəlxalq tədris mərkəzinin mövcudluğunu qeyd edib: “Bizim akademiya hər zaman gənc şahmatçıların inkişafı üçün addımlar atır, peşəkar səviyyəyə çatması üçün hər cür şərait yaradır. Beynəlxalq arenada uğurla çıxış edən peşəkar komandamız da var. Vüqar Həşimov komandası 2021-ci ildə klublararası Avropa çempionatında üçüncü yerə yiyələnib. Təcrübəli şahmatçılardan ibarət komanda gələn ay analoji yarışda uğurunu təkrarlamağa və ya yaxşılaşdırmağa çalışacaq. Çünki komanda böyük potensiala malikdir və iddialı heyət bunu deməyə əsas verir”.

Respublika Şahmat Olimpiadasında ölkənin bütün şəhər və rayonlarının, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak ediblər. Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparıb. İştirakçı sayına və rəqabətə nəzər salsaq, yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini anlamaq çətin deyil. Bu gün Vüqar Həşimovun gələcək ilə bağlı planları ölkə şahmatına töhfə verməklə həyata keçirilir. Yeniyetmə şahmatçıların idealına çevrilən Vüqarın zəngin idmançı karyerası onları yeni qələbələrə həvəsləndirir, qrossmeysterin partiyaları isə mütəxəssislər üçün təhlil mövzusuna çevrilir.

Xəbər 238 dəfə oxundu.