Ziya Məmmədzadə: Yarışlarda uğur qazanmaq üçün intensiv məşqlər keçirik
Avropa çempionatından yeni qayıtmışam. Qitə birinciliyində yarışın çətin olmasına baxmayaraq 9-cu yeri tutdum. Nəticəm yaxşı oldu. Çempionat 23 yaşadək idmançılar arasında bu il sonuncu yarışım idi. Gələn il elit kateqoriyada böyüklər arasında çıxış edəcəyəm. Növbəti yarışlara yaxşı hazırlaşıb uğurlu nəticələr əldə edəcəyimə inanıram.

Bu sözləri avarçəkənimiz Ziya Məmmədzadə Neftçalada təşkil olunan təlim-məşq toplanışında deyib.

Avarçəkənin sözlərinə görə, yarışlarda uğur qazanmaq üçün intensiv məşqlər keçirlər: “Neftçaladakı toplanış da bizim üçün çox vacibdir. Bu, Azərbaycanda avarçəkmənin inkişafına və bu idman növü ilə məşğul olanların sayının artmasına təkan verəcək. Belə olan halda isə rəqabət güclənəcək ki, bu da bizə nəticə qazanmaqda çox kömək edəcək".

“Qarşıda bizi “Mingəçevir reqatası-2022”i gözləyir. Həmin reqatada xarici ölkələrdən də idmançılar güclərini sınayacaqlar. Yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. İnanıram ki, idmançılarımız həmin yarışda yaxşı nəticə göstərəcəklər”, - deyə Z.Məmmədzadə əlavə edib.


Xəbər 294 dəfə oxundu.