Baş katib: Mingəçevir Reqatasına bütün ölkələri dəvət edəcəyik
Hazırlıq prosesi üçün 91 idmançı topladıq. Həm Bakıdan, həm də Mingəçevirdən olan avarçəkənləri toplanışa çağırdıq.

Bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev Neftçalada təşkil olunmuş təlim-məşq toplanışı barədə jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, Neftçalada əvvəllər də toplanışlar və yarışlar keçirilib: "Bu ənənəni gələcəkdə davam etdirmək istəyirik. Bunun üçün rayonda çox münbit şərait var. Gələcəkdə təlim-məşq toplanışlarını burada təşkil etməyi planlaşdırırıq".

Federasiya rəsmisi gələcəkdə Axmaz göl su hövzəsində hansısa yarışın keçirilə biləcəyini istisna etməyib: “Bir neçə dəyişiklikdən sonra burada yarış keçirmək olar. Buradakı su hövzəsinə baza deməzdim. Baza Mingəçevirdədir, böyük tədbirlər və yarışlar yenə də orada olacaq. Əlavə məkanlar bizə daha çox təlim-məşq toplanışları, bu zonalardan uşaqları cəlb etmək üçün lazımdır".

Baş katib avarçəkənlərin hazırlıq səviyyəsini də dəyərləndirib: "Qışda Gənclər Kubokundan sonra Beynəlxalq Prezident Kuboku turnirini də keçirdik. İdmançıların səviyyəsi və məşqləri daha da artıb. Əvvəllər pandemiya ilə bağlı tədbirlər və məşqlər keçirə bilmirdik. Bu, yenidən ənənə halını alıb. Artıq həm Bakıda, həm də Mingəçevirdə məşqlər təşkil olunur".

Fərhad Əliyev ənənəvi Beynəlxalq Mingəçevir Reqatasının oktyabrın 21-23-də keçiriləcəyini xatırladıb: "Bu, beynəlxalq səviyyəli yarış olacaq. Reqata artıq Avropa Kanoe Assosiasiyasının təqvimində də yer alıb. Ona görə bütün ölkələrin idmançılarını dəvət edəcəyik".

O, milli komandaya legioner avarçəkənləri yerli idmançıların təcrübə qazanması üçün dəvət etdiklərini vurğulayıb: "İstəyirik ki, yerli idmançılar onlara yaxın olsunlar, təcrübələrindən yararlansınlar. Biz daha çox milli kadrlarla işləməyə üstünlük veririk".

Baş katibin sözlərinə görə, hazırda tikilməkdə olan Neftçala Olimpiya Kompleksi istifadəyə verildikdən sonra orada avarçəkmə bölməsi də olacaq.

Xəbər 212 dəfə oxundu.