Misir futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün danışıqlar aparır
Misir 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün öz rəsmi namizədliyini irəli sürməyə hazırlaşan Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.

Misirin Gənclər və İdman Nazirliyi bununla bağlı Britaniya mətbuatında yayılan xəbərləri təsdiqləyib.

Nazirliyin sözçüsü Məhəmməd Fevzi bildirib ki, Misir və Səudiyyə Ərəbistanı Yunanıstanla birlikdə 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi üçün birgə rəsmi müraciət ətrafında müzakirələr aparırlar. O əlavə edib ki, Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu məsələni Ciddədə keçirilən İƏT-in gənclər və idman nazirlərinin V konfransında səudiyyəli həmkarı ilə müzakirə edib.

Məhəmməd Fevzi diqqətə çatdırıb ki, Misir son illərdə 160-dan çox beynəlxalq idman tədbiri təşkil edib və ölkənin yeni inzibati paytaxtında salınan Olimpiya kəndi, habelə İsgəndəriyyədə tikiləcək idman kompleksi 8 ildən sonra futbol üzrə dünya çempionatını keçirməyə imkan verir.

Xəbər 205 dəfə oxundu.