Avarçəkənlərimizin Neftçalada təlim-məşq toplanışı təşkil olunacaq
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) avarçəkənlərin Neftçalada təlim-məşq toplanışını təşkil edəcək.

Sentyabrın 9-da baş tutacaq toplanış Neftçalada Axmaz göl su hövzəsində keçiriləcək. Həm də AKAF-ın Axmaz göl su hövzəsində yaradacağı filialının açılışı olacaq.

Filial Neftçala Olimpiya Kompleksinin nəzdində fəaliyyət göstərəcək. Filialın istifadəyə verilməsi ilə Neftçala və ətraf rayonlarda yaşayan yeniyetmələrə bu idman növü ilə məşğul olmaq üçün əlverişli şərait yaranacaq.

Federasiyanın əsas prioritetlərindən biri ölkə ərazisində yeniyetmə və gənclər arasında avarçəkməni əlçatan etməkdir. Neftçalada istifadəyə veriləcək yeni filial da gələcək planlar çərçivəsindədir.

Qeyd edək ki, AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu kimi təlim-məşq toplanışları keçirməyi nəzərdə tutub.

Xəbər 296 dəfə oxundu.