“Neftçi” klubu 17 ilin rekordunu təkrarlayıb
“Neftçi” klubu Azərbaycan Premyer Liqasının ilk 5 turunda 12 qol vurub. Bu, “ağ-qaralar” üçün son 17 ilin ən yüksək məhsuldarlığının təkrarıdır. Bakı klubu 2007/2008-ci il mövsümündəki göstəricisinə imza atıb.

Paytaxt təmsilçisinin startda daha çox qol vurmasına isə 2005/2006-cı il mövsümündə təsadüf olunub. Həmin vaxt “Neftçi” ilk 5 turda 13 dəfə rəqib qapısına yol tapıb. Sonrakı 17 mövsüm üçün rekord isə 2007/2008-ci və 2022/2023-cü il mövsümlərinə aiddir.

Baş məşqçi Laurentsiu Regekampfın yetirmələri həm də ilk 5 turda iki böyük hesablı qələbə qazanıblar. “Ağ-qaralar” sonuncu dəfə azarkeşlərini belə startla 2003/2004-cü il mövsümündə sevindirib. 19 il öncə beş oyundan ikisində üç və ya daha çox top fərqi qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Xəbər 198 dəfə oxundu.