Bədii gimnastlarımız dünya çempionatı öncəsi proqramlarını nümayiş etdiriblər
Sumqayıt Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə yığma komandamızın üzvlərinin dünya çempionatı öncəsi Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr edilmiş çıxışları olub.

Cıxışlar zamanı gimnastlarımız dünya çempionatında nümayiş etdirəcəkləri proqramlarını təqdim ediblər.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, eləcə də Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri iştirak ediblər.

Gimnastikanın ən zərif nümayəndələrinin rəngarəng çıxışlarını Sumqayıt azarkeşləri ilə yanaşı, paytaxt və regionları təmsil edən klubların idmançıları da izləyiblər.

Qeyd edək ki, bədii gimnastika üzrə növbəti - 39-cu dünya çempionatı sentyabrın 14-dən 18-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

Fərdi yarışlarda ölkəmizi Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova təmsil edəcəklər. Yığma komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətləri proqramında medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 208 dəfə oxundu.