Ülviyyə Fətəliyeva: Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir
Çexiyanın paytaxtı Praqada şəxsi Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Vətənə qayıdıb.

Sahmatçını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıblar.

Avropa çempionatının bürünc medalçısı Ü.Fətəliyeva uğurunu AŞF-nin rəsmi saytına şərh edib: “Avropa çempionatına qələbə üçün yollanmışdım. Hər zaman məqsədimiz birinci olmaqdı. Fikrimcə qadın şahmatçılarımız Hindistandakı Olimpiada da yaxşı çıxış etdi. Olimpiadada son turda gürcüləri yensəydik, çempion da olardıq. Biz mart ayından etibarən Olimpiadanın hazırlıqlarına başlamışdıq. İntensiv təlim-məşq toplanışları nəticəsini göstərdi. Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir”.

Şahmatçı bildirib ki, medal qazandığıma görə çox şadam. Mükafatlandırmada komanda yoldaşım Günay Məmmədzadə ilə birgə olmaq isə xüsusilə sevindirici oldu. Uğurumuz gərgin məşqlərin nəticəsidir.

Ən çətin görüşünün qızıl medalçı Soçko ilə doqquzuncu tura təsadüf etdiyini bildirən Ü.Fətəliyeva bildirib: “Ağ fiqurlarla oynamağımdan istifadə etməyə çalışdım, amma alınmadı. Əslində yaxşı üstünlük əldə etmişdim. Vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Hər halda oyunda heç-heçəyə nail oldum”.

Ü.Fətəliyeva sentyabrın 21-24-də Şuşada keçiriləcək superturnir barədə də fikirlərini deyib: “Çox həyəcanlıyıq. Əzəmətli Şuşada şahmat oynamaq hər birimizin arzusudur. Bu yarışa xüsusi hazırlaşacağıq. Şuşadakı turnirdə də yüksək yerlər uğrunda mübarizə aparacağam”.

Qeyd edək ki, Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ü.Fətəliyeva isə bürünc medal əldə edib.

Xəbər 191 dəfə oxundu.