Bu gün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində iki qarşılaşma oynanılacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının V turu çərçivəsində növbəti görüşlər keçiriləcək.

Turun ikinci oyun günündə iki qarşılaşma olacaq.

Günün ilk matçında “Şamaxı” komandası doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionunda təşkil ediləcək qarşılaşma saat 16:00-da başlayacaq. Görüşün baş hakimi Rauf Allahverdiyev olacaq. Meydan sahibləri 1 xalla doqquzuncu, Tovuz təmsilçisi 4 xalla altıncı pillədə yer alıb. Komandalar indiyədək yerli çempionatda qarşılaşmayıblar.

Bu gün oynanılacaq digər qarşılaşmada “Neftçi” klubu “Sumqayıt”la üz-üzə gələcək. Matçın startı “Bakcell Arena”da saat 20:30-da veriləcək. Oyunda baş hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Paytaxt klubu 9 xalla dördüncü, Sumqayıt təmsilçisi 2 xalla səkkizinci pillədə qərarlaşıb. Bu komandalılar Premyer Liqada indiyədək 39 dəfə qarşılaşıblar. Əvvəlki matçların 19-da “Neftçi”, 12-də qonaqlar üstün olub. Səkkiz görüşdə qalib müəyyənləşməyib. Son 2 qarşılaşmanın hərəsində iki qol vuran meydan sahibləri qələbə qazanıblar. “Sumqayıt” son 5 görüşdə qalib gəlməyib.

Turun digər görüşləri sentyabrın 4-də keçiriləcək. Həmin gün “Bank Respublika Arena”da “Sabah”-“Səbail” matçı oynanılacaq. Zirə İdman Kompleksində eyni adlı komanda isə “Qəbələ” ilə görüşəcək.

Qeyd edək ki, turun açılışı matçında “Qarabağ” komandası “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Xəbər 207 dəfə oxundu.