Çingiz Məmmədov: Aykidonun Azərbaycandakı inkişafını qənaətbəxş hesab etmək olar
Aykidonun bir neçə növü mövcuddur. Ancaq mən aykidonun ənənəvi növü ilə məşğul oluram. Məşğul olduğum və tədris etdiyim aykido Morihey Ueşiba tərəfindən yaradılıb. Sensey (dahi usta) tərəfindən yaradılmış ənənəvi aykido ilə məşğul olan federasiya, assosiasiya, ictimai birliklər və klublar Yaponiyada yerləşən Aykikay Fonduna tabedirlər. Aykikay Fondunun mənzil-qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir. Təmsil olunduğum “Azərbaycan Aykikay Aykido Klubları” ictimai birlik (AAAKİB) kimi fəaliyyət göstərir, Aykikay Fondunun və Beynəlxalq Aykido Federasiyasının (BAF) Azərbaycan üzrə rəsmi nümayəndəsidir.

Bu sözləri müsahibəsində aykido üzrə üçüncü dan qara kəmər sahibi, “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birliyinin (İB) İctimaiyyət və beynəlxalq əlaqələr departamentinin direktoru Çingiz Məmmədov deyib.

Bildirib ki, aykidonun Azərbaycandakı inkişafını qənaətbəxş hesab etmək olar. Ölkədə fəaliyyət göstərən bütün aykido təşkilatlarının bir federasiyanın ətrafında toplanması daha məqsədəuyğun olardı və bu döyüş sənətinin inkişafına güclü təkan verərdi.

“İyulda ABŞ-ın Alabama ştatının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında aykido üzrə yarışa Azərbaycandan iki nəfər qatılmışdı. Mən və Fəxri Qafarlı. Qeyd edim ki, hər ikimiz də üçüncü dan qara kəmər sahibiyik. Bu tədbirdə BAF tərəfindən rəsmi olaraq dəvət edilmiş aykido təşkilatları iştirak edirdilər. Aykido döyüş növü üzrə dəvət olunmuş 15 ölkədən biri də Azərbaycan idi və ölkəmizi “Azərbaycan Aykikay Aykido Klubları” İB təmsil edirdi. Dünya Oyunlarında qazandığımız uğura gəldikdə 100-dən çox ölkənin idmançılarının iştirak etdiyi bir tədbirdə Azərbaycan aykidoçularının dünya yığmasına düşməsi o qədər də asan iş deyildi. Namizədlərdən yüksək bilik səviyyəsi və peşəkarlıq tələb olunurdu. Bizim dünya yığmasına seçilməyimiz isə Azərbaycan aykido məktəbinin yüksək tədris səviyyəsi və aykidoçularımızın yüksək peşəkarlığından xəbər verir.

“Biz həm ölkəmizi, həm də Azərbaycan aykido məktəbini dünya ictimaiyyətinə tanıtmış olduq. Bu günədək Azərbaycan aykidoçuları belə bir mötəbər və genişmiqyaslı tədbirdə iştirak etməmişdilər. Doğrudur, Aykikay Fondu və BAF bizi tanısa da, digər ölkələrin aykidoçularının Azərbaycan barədə məlumatı yox idi. Beləliklə, bu tədbirdə iştirak sayəsində həm geniş kütləyə açılmış olduq, həm də digər ölkələrin aykidoçuları ilə ünsiyyət quraraq, yeni dostlar qazandıq.

Artıq Azərbaycan ilə maraqlanan aykidoçuların sayı çoxalıb və güman edirəm ki, burada tədbir təşkil etsək, şübhəsiz ki, dünyanın digər ölkələrindən qatılanlar olacaq. Üstəlik, BAF-ın rəhbərliyi ilə də söhbətlərimiz oldu və müxtəlif mövzularda müzakirələr apardıq. Yaxın gələcəkdə BAF-ın sədri cənab Vilko Vriesmanın Bakıya səfəri gözlənilir və o, rəsmi qurumlarla görüşlər keçirməyi planlaşdırır. Bu isə BAF-ın bizim ölkəmizə və təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymət, diqqət və qayğıya dəlalət edir. Əgər biz 2022-ci ilin Dünya Oyunlarında iştirak etməsəydik bütün bunlar olmayacaqdı. Hazırda 2023-cü ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək “World Combat Games” tədbirində iştirak üçün hazırlıqlara başlamışıq. Qarşıda duran vəzifə Vətən müharibəsində böyük zəfər qazanmış ölkəmizi daha yüksək səviyyədə təmsil etməkdir”, - deyə Ç.Məmmədov əlavə edib.

Vurğulayıb ki, bu günədək aykidoya həsr olunmuş verilişlər hazırlanıb, KİV-lər (radio və televiziya) vasitəsi ilə bu döyüş sənətinin üstünlükləri və fəlsəfəsi barədə ölkə ictimaiyyətinə məlumat verilib. Məlum məsələdir ki, son zamanlarda təbliğat işində daha çox geniş oxucu və izləyici kütləsi olan sosial şəbəkələrdən istifadə edilir. İB tərəfindən Bakıda müxtəlif ünvanlarda yerləşən səkkiz idman zalında məşqlər keçirilir. Çalışırıq ki, bu döyüş sənətini ölkəmizdə daha populyar edək. Bölgələrdə də aykidonu inkişaf etdirmək planlarımız var. Hazırda araşdırmalar və təhlillər aparılır. Əsas məqsədimiz və hədəfimiz beynəlxalq tədbirlərdə ölkəmizi Azərbaycan Aykido Federasiyası statusunda təmsil etməkdir. Artıq tələb olunan sənədləri Gənclər və İdman Nazirliyinə təqdim etmişik və cavab gözləyirik. Statusumuz təsdiqlənsə, təbii ki, bölgələrimizdə də zalların təşkili, filialların yaradılması işini sürətləndirəcəyik.

Xəbər 162 dəfə oxundu.