İsgəndər Əsgərov: “Bu Avropa çempionatında iddiamız olmayacaq”
Dünən Tatarıstan paytaxtı Qazanda ağırlıqqaldıranlar arasında Avropa çempionatı start götürüb. Həmin yarışda ölkəmizin milli komandası da mübarizə aparır. Yığma Rusiyaya yollanmazdan öncə Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərovla söhbətləşib, komandamızın ümumi vəziyyəti, bu yarışda məqsədi və gələcək planları barədə fikirlərini öyrəndik:

- Milli komanda gündə 2 dəfə məşq keçir. Hər şey qaydasındadır. Açığı, Qazan şəhərində təşkil ediləcək Avropa çempionatına iddialı yollanmayacağıq. Çünki bu yarış London olimpiadasına lisenziya xalı vermir. Orada məqsəd yığmaya cəlb olunmuş yeni idmançılarımızı sınamaqdır. Əsas hədəfimiz noyabrda Parisdə keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək, olimpiadaya daha çox vəsiqə qazanmaqdır.
- Yeri gəlmişkən, dünya çempionatına hazırlıq planı nədən ibarət olacaq? Burada hansısa özəllik yer alacaqmı?
- Məşqçilər korpusu bunun üzərində çalışır. Başlıca niyyətimiz ehtiyatlı olmaq, idmançılarımızı qorumaqdır. Çünki hər hansı ani ehtiyatsızlıq yeni itkilərlə nəticələnə bilər.
- Milli komandada ümumi şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə federasiya hansı tədbir görür?
- AzAL idman klubunun Şüvəlan qəsəbəsində yerləşən stadionunun ərazisində yığma komandamız üçün baza tikilir. Həmin idman qurğusunun gələn ilin mayında istifadəyə verilməsi planlaşdırılır. Fikrimcə, bundan sonra idmançılarımızın nəticəsi bir qədər də yaxşılaşacaq.
- Yaxın günlərdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) növbəti konqresi keçirildi. Sözü gedən yığıncaqda Avrasiya Assosiasiyası yaradıldı ki, bu quruma seçilmiş komitə üzvləri arasında Azərbaycan tərəfdən 2 nümayəndədən biri oldunuz.
- Bu təşkilatın yaradılmasına səbəb ağırlıqqaldırma idmanını daha da inkişaf etdirməkdir. Məqsəd, beynəlxalq yarışların sayını artırmaq, sponsorlar cəlb etmək, ağır atletikanı Avrasiyada populyarlaşdırmaqdır.
- Siz həm də həndbol üzrə mütəxəssissiniz. Uzun müddət beynəlxalq oyunlarda hakimlik etmisiniz. İki ağır idman növündə çalışmaq çətinlik yaratmırmı?
- Xeyr. Çünki bir müddət öncə Azərbaycan Həndbol Federasiyasında işdən çıxmışam. Amma bu idmandan tamam ayrılmamışam. Hazırda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsiyəm. Artıq 6 matçda EHF komissarı olmuşam. Son belə hal, qadınlar arasında Çağırış kubokunun 1/4 finalında Antalyanın "Muradpaşa" klubu ilə Kiyev "Spartak"ı arasındakı ilk görüş olmuşdu.

Söhbətləşdi: Kamran HACI

Xəbər 2496 dəfə oxundu.