Karate1 Premyer Liqa turnirinin Bakı mərhələsi mövsümün sonuncu yarışı olacaq
Karate1 Premyer Liqa turnirinin dördüncü Bakı mərhələsi mövsümün sonuncu yarışı olacaq.

Dünya Karate Federasiyasının ilin əvvəlində açıqladığı təqvim planına görə, turnir beş mərhələdən ibarət olmalı idi. Beşinci mərhələyə isə ABŞ-ın Los-Anceles şəhəri ev sahibliyi edəcəkdi. Lakin dünya federasiyası bu planı reallaşdıra bilməyib və Bakı turniri ilə Premyer Liqanın cari mövsümünə yekun vurulacaq.

Sentyabrın 4-dək davam edəcək turnirin Bakı mərhələsində 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.

Bakıda Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.

Xəbər 231 dəfə oxundu.