Avropa çempionatı: Azərbaycan şahmatçıları son turda medallar uğrunda mübarizə aparacaqlar


Çexiyanın paytaxtı Praqa şəhərində qadınlar arasında şəxsi Avropa çempionatında Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər.

Bu gün keçiriləcək son – 9-cu turda şahmatçılarımız medallar uğrunda mübarizə aparacaqlar. Səkkiz turdan sonra üç şahmatçımız - Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6 xalla turnir cədvəlinin 3-8-ci pillələrini bölüşürlər və medallar uğrunda mübarizədə əsas favoritlərdən hesab olunurlar.

Günay Məmmədzadə son tura qədər yarışın lideri olsa da, polşalı şahmatçı Monika Soçkoya məğlubiyyət onu 3-cü pilləyə endirib. Qeyd edək ki, bu, Günayın qitə birinciliyində ilk məğlubiyyəti idi.

Bu gün Avropa çempionatının doqquzuncu turu keçiriləcək. G.Məmmədzadə erməni şahmatçı Mariya Qevorqyan, Ülviyyə Fətəliyeva lider Monika Soçko, Gülnar Məmmədova isə ukraynalı İnna Qaponenko ilə qarşılaşacaq. Bundan əlavə, komandamızın digər üzvləri Gövhər Beydullayeva və Xanım Balacayevanın yüksəlişini qeyd etməyə dəyər. Hər iki şahmatçı istirahət günündən sonrakı turda qalib gələrək medallar uğrunda mübarizəyə qoşulanlar sırasına düşüblər. Hər iki şahmatçımızın aktivində 5,5 xal var və onlar turnir cədvəlinin 9-16-cı pillələrini bölüşürlər. Bu gün G.Beydullayeva bolqar Nurgül Səlimova, Xanım isə ukraynalı Anna Uşenina ilə qarşılaşacaqlar. Digər şahmatçılarımızdan Ləman Hacıyevanın 5 xalı var və o, turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Ləmanın bugünkü rəqibi erməni şahmatçısı Anna Sarqsyan olacaq. Təmsilçilərimizin arasında ən zəif nəticə göstərən Səbinə İbrahimova isə 3 xalla 94-cü mövqedə qərarlaşıb. Onun bugünkü rəqibi israilli Noqa Orian olacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.

Xəbər 253 dəfə oxundu.