Bakı Dənizkənarı Bulvarında karateçilərimizin iştirakı ilə kütləvi idman tədbiri keçirilib
Müdafiə, Gənclər və İdman nazirliklərinin dəstəyi, Veteran Tankçılar İctimai Birliyi, Azərbaycan Milli Karate Federasiyası, Bakı Dağ Yəhudiləri Dini İcması və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş kütləvi idman tədbiri keçirilib.

Bakı Dənizkənarı Bulvar ərazisində keçirilmiş tədbirdə karateçilər, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestri, veteran tankçılar, idman və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Seminarda çıxış edən federasiyanın prezidenti Yaşar Bəşirov və Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov vurğulayıblar ki, tədbirin keçirilməsində əsas məqsəd torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini əziz tutmaq, gənclərimizdə idman və hərbi vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək və Azərbaycanda multikultural, tolerantlıq ənənələrinin dayaqlarını möhkəmləndirməkdir. Eyni zamanda qeyd olunub ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr edilmiş tədbir sentyabrın 23-26-da keçiriləcək beynəlxalq yarışa hazırlıq mahiyyəti daşıyır.

Tədbir karateçilərimizin yürüşü və məşqləri ilə davam edib.

Xəbər 309 dəfə oxundu.