Bu gün futbol üzrə Misli Premyer Liqasında daha iki oyun keçiriləcək
Futbol üzrə Misli Premyer Liqasının IV tur çərçivəsində daha iki oyun olacaq.

Bu gün “ASCO Arena”da 18:00-da başlayacaq ilk matçda paytaxtın “Səbail” komandası “Kəpəz”i qəbul edəcək. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Hazırda “Səbail” bir xalla 8-ci, üç oyunun hamısında məğlub olan “Kəpəz” 10-cu yerdədir.

Saat 20:30-da başlayacaq günün ikinci matçında “Qarabağ” komandası “Şamaxı”nı qəbul edəcək. “Azersun Arena”da keçiriləcək oyunun baş hakimi Nicat İsmayıllı olacaq. Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” altı xalla 4-cü, “Şamaxı” isə bir xalla 9-cu yeri tutur.

Qeyd edək ki, turun ilk iki qarşılaşmasında “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edib, “Neftçi” isə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

Dördüncü tura avqustun 28-də keçiriləcək “Qəbələ”–“Sabah” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun baş hakimi Əliyar Ağayev olacaq.

Xəbər 249 dəfə oxundu.